Qafqaz Albaniyası

Alban tayfaları isə Qafqazın yerli əhalisi olub, Azərbaycan xalqının etnogenezində mühüm rol oynamışlar. Məhz buna görə də Qafqaz Albaniyasının tarixi və mədəniyyətinin öyrənilməsi həm azərbaycanlı, həm də xarici tədqiqatçıların diqqət mərkəzindədir.
Bu qədim Azərbaycan dövləti antik yunan mənbələrində Albānia, pəhləvi və ərəb mənbələrində Arran, Ər-Ran, erməni mənbələrində Agvank, gürcü mənbələrində Rani, Suriya mənbələrində isə Aran olaraq qeyd edilmişdir. Yəni antik müəlliflərin Albaniya adlandırdıqları bu ölkə orta əsr Şərqdə, xüsusilə də Ərəb xilafəti dövründə Aran olaraq tanınırdı. Azərbaycanın ilk orta əsr dövrünə aid yeganə yerli mənbə sayılan “Alban ölkəsinin tarixi” əsərində də ölkənin adının Aran adından qaynaqlanması barədə məlumat verilir. Bu məlumatlar antik müəlliflərin Albaniya adlandlrdıqları bu qədim Azərbaycan dövlətin yerli adının Aran olduğunu söyləməyə əsas verir.
Bu ölkənin yunan və latın mənbələrində "Albaniya" adlandırmasına gəldikdə isə, antik müəlliflərin coğrafi mövqeyinə uygun olaraq ölkəni “dağlar ölkəsi” mənasında Albaniya adı ilə qeyd etdiyini söyləmək mümkündür. Hazırda Avropanın dağlıq ərazilərdə yerləşən Balkanlarda eyni adlı ölkənin olması, həmçinin İtaliya və Şotlandiya toponimiyasında da bu ada rast gəlinməsi qədim yunan müəlliflərinin bölgənin cografiyasına uygun olaraq bu ölkəni Albaniya adlandırdıqlarını göstərir. XX əsrin əvvəllərindən elmi ədəbiyyatda "Klassik Albaniya", "Antik Albaniya" son dövrlərdə isə "Qafqaz Albaniyası" kimi qeyd olunmaqdadır. Antik yunan mənbələrində Albaniya kimi qeyd olunmuş bu qədim dövlətin elmi ədəbiyyatda Qafqaz Albaniyası işlədilməsinin səbəbi bu qədim dövləti Balkanlardakı eyni adlı dövlətdən fərqləndirməkdir.
Qafqaz Albaniyası tarixi az öyrənilmiş mövzulardandır. Qədim yazılı mənbələrin azlığı, xüsusilə də XIX əsrdə Rusiya imperiyası və sovet dövründə Qafqaz Albaniyası irsinin saxtalaşdırılması meylləri Qafqaz Albaniyasının tarixi və mədəniyyətinin öyrənilməsi işini çətinləşdirmişdir.
Albaniyanın siyasi tarixini və tarixi coğrafiyasını öyrənmək üçün əsas qaynaqlar alban yazılı mənbələri- «Alban tarixi» əsəri, V əsrdə qəbul edilmiş «Ağuen kilsə qanunnaməsi», VII əsr alban şairi Dəvdəkin Böyük Hökmdar Cavanşirin ölümünə həsr etdiyi qəsidəsi, Nizami Gəncəvinin müasiri və həmyerlisi Mxitar Qoş və Kirakos Gəncəli kimi alban müəlliflərinin əsərləri alban tarixinin öyrənməsi üçün yerli alban mənbələrdir. Lakin XIX əsrdə Rusiya İmperiyasının dəstəyinə arxalanan Qriqoryan kilsəsi 1836-çı ildə Rus Sinodu tərəfindən Alban kilsəsinin eməni kilsəsinin tabeliyinə keçməsinə nail olmaqla Alban kilsəsinin bütün varidatını, arxivini ələ keçirmişdir. Bundan sonra alban xristian irsini qriqoryan ruhuna uyğunlaşdırmaq üçün bütün arxiv materialları erməni katolikosları tərəfindən təhrif edilmiş, bir hissəsi isə geriyə dönüşü olmadan məhv edilmişdir. Alban patriarxlığının son iqamətgahı olan Gəncəsər arxivi qarət edilərək məhv edilmişdir. Bu isə o deməkdir ki, XIX əsrin sonlarından etibarən əldə olan bütün alban mənbələri orijinalları saxtalaşdırılaraq erməni mətnləri əlavə edilmiş surətlərdir. Alban mənbələrinin qiymətli nümunələri olan Mxitar Qoşun “Qanunnamə”, Kirakos Gəncəlinin “Tarix” kimi əsərlərin adları belə dəyişdirilərək Mxitar Qoşun əsəri “Erməni Qanunnaməsi”, Kirakos Gəncəlinin əsəri isə “Erməni tarixi” adlandırılaraq falsifikasiya edilmişdir. Hələ nə qədər alban ədəbiyyatının məhv edilməsi isə sirr olaraq qalır.
Qafqaz Albaniyası, bu dövlətin ərazisində məskun olmuş və azərbaycanlıların etnogenezində mühüm rol oynamış alban tayfaları, alban etnomədəni irsi, onların miras qoyduğu maddi və mənəvi mədəniyyət nümunələri hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmiş, araşdırılmağa başlanılmışdır. Lakin XIX əsrdə Qafqazı işğal etmiş Rusiya imperiyasının bölgədəki milli-müstəmləkəçilik siyasəti nəticəsində Azırbaycan tarixinin və mədəniyyətinin mühüm bir mərhələsini təşkil etmiş Qafqaz Albaniyası tarixi XIX-XX əsrlər boyu saxtalaşdırılmışdır. Rus imperiya tarixşünaslığında, həmçinin sovet tarixşünaslığında Qafqaz Albaniyasının tarixinin Ermənistan tarixinə baglanmasına, albanların isə etnik, konfessional, mədəni, siyasi baxımdan erməni hesab olunmasına cəhd edilmişdir. Bununla da alban etnosunun müstəqil tarixi, mədəniyyəti, ümumdünya tarixində yeri və rolu tamamilə inkar edilirdi. Sovet dövründə albanşünaslıq elmi erməni-gürcü alimlərinin inhisarında idi. Albaniya ilə bağlı mühüm mənbələr Ermənistanda Matanadaran Əlyazmalar Fondunda saxlanılırdı. Erməni alimlərinin nəzarətində olan bu mənbələri ermənilər istədikləri kimi saxtalaşdırmışlar.

Azərbaycan xalqının mənşəyinin mühüm bir mərhələsini təşkil edən Qafqaz Albaniyası tarixinin obyektiv tədqiqi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra geniş vüsət almışdır. Müstəqillik illərində Azərbaycan tarixçiləri tərəfindən Qafqaz Albaniyası tarixinin mühüm mərhələləri, xüsusilə də alban kilsəsinin yaranma tarixi, onun Qafqazda ən qədim həvari kilsəsi olmasını və avtokefallığını təsdiq edən araşdırmalar aparılmışdır. Erməni kilsəsinin 1836-cı ildən başlayaraq alban etno-mədəni irsinə yiyələnmək cəhdləri, alban ədəbiyyatı və kilsə tarixini, alban abidələrini falsifikasiya edilməsi faktlarını üzə çıxaran əhəmiyyətli əsərlər nəşr olunmuşdur.
Hazırda Azərbaycanda Qafqaz Albaniyası tarixi ilə baglı kifayət qədər böyük elmi baza, əsərlər var. Hazırda bu sahə ilə bağlı xarici albanşünas alimlərin də iştirak etdiyi böyük bir elmi işçi qrupunun fəaliyyət göstərməkdədir. Azərbaycan alimlərinin xarici alimlərlə birlikdə apardığı elmi tədqiqat işləri çərçivəsində Qafqaz Albaniyası irsi ilə bağlı zəngin elmi material əldə edilməkdədir.
Qafqaz Albaniyası e.ə.IV-III əsrlərdən VIII əsrin əvvəllərinə qədər, təxminən 1000 il boyu müasir Azərbaycan Respublikası və bəzi qonşu əraziləri əhatə edən torpaqlarda mövcud olmuş qədim Azərbaycan dövlətidir. Sərhədləri təxminən 1000 il boyu sabit qalmış Qafqaz Albaniyasının əraziləri şimalda Qafqaz dağlarından cənubda Araz çayına qədər, qərbdə İberiyadan şərqdə Xəzər dənizinə qədər uzanırdı. Albaniyanın ilk paytaxt şəhəri yazılı mənbələrdə Kabalaka (Böyük Plini I əsr), Xabala (Ptolemey II əsr) kimi qeyd olunmuş Qəbələ şəhəri olmuşdur. Hazırda Qədim Qəbələ şəhərinin xarabalıqları Azərbayacanın Qəbələ rayonu mərkəzindən 15 - 20 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə, Çuxur Qəbələ kəndi ərazisində yerləşir.
V əsrdə Qafqaz Albaniyasının şimal-şərq bölgəsi hun, sabir, xəzər basqınlarına məruz qaldığı üçün ölkənin paytaxtı daha təhlükəsiz bir yerə, Cənubi Qafqazdan keçən mərkəzi ticarət yollarının üzərində yerləşən Bərdə şəhərinə köçürülür. Ərəb tarixçilərindən Balazurinin (IX əsr) verdiyi məlumata görə, bu mərhələdə Xəzər xaqanlığının təsir dairəsinə düşən Qəbələ Xəzər adlandırılırdı. Hazırda Xəzər toponimi Qəbələ yaxınlagınakı Həzrə kəndinin adında qorunub qalmışdır.

Qafqaz Albaniyasını Aranilər(eranın 1 əsrinədək), Arşakilər(I-VI əsrlər) və Mehranilər (630-705) kimi sülalələr idarə etmişlər. E.ə III əsr - eranln I əsrinin birinci yarısında Albaniyanın çarları yerli alban sülaləsinin nümayəndələri olmuşlar. Aranilər sülaləsinin banisi Qafqaz Albaniasının ilk və yarıəfsanəvi hökmdarı olmuş Arran hesab olunur. Alban müəllifi Kalankatuklunun verdiyi məlumata görə, Arranın hakimiyyəti dövründə ölkənin ərazisi Araz çayından Xunan qalasına qədər uzanırdı. Arşakilər sülaləsinin hakimiyyətinə qədər mənbələrdə Oroys (Aruz), Kozis, Zober kimi alban hökmdarları hadqa məlumat verilmişdir.
Eranın I əsrinin 60-cı illərindən isə Albaniyaya Parfiya arşakilərindən biri hakim təyin edilmiş, beləliklə alban arşakiləri sülaləsi yaranmışdır ki, onun da ilk nümayəndəsi «igid, cəsur» ləqəbli I Vaçaqan idi. Araşakilər sülaləsinin hakimiyyəti dövründə Albaniyada I əsrdən etibarən xristianlıq yayılmaga başlamış, IV əsrdə isə dövət dini statusu almışdır. Albaniyada xristianlığın dövlət dini kimi qəbul edilməsi alban hökmdarı Urnayrın adı ilə bağlıdır. Sasani, Xəzər xaqanlığı, Bizans kimi güclü imperiyalara qarşı müqavimət göstərmiş Arşakilər sülaləsinin hakimiyyəti V əsrin sonunadık III Mömin Vaçaqan son Arşaki hökmdarı olmuşdur. III Vaçaqanın dövründə ölkədə xristianıq, geniş vüsət alır, Aquen məclisində Kilsə qanunnaməsi qəbul edilir. Qafqaz Albaniyası dövründə erkən orta əsrlərdə inşa edilmiş kilsələrin böyük əksəriyyəti III Vaçaqanın dövrünə (Vəsr) aid edilir. III Vaçaqan məktəblər açır, dağıdılmış kilsə və monastırları yenidən qurur, yenilərini tikir, Onun hökmdarlığı Albaniyanın siyasi və mədəni-dini dirçəliş dövrü idi.
VII əsrin əvvəllərindən Mehranilər sülaləsinin hakimiyyəti dövrü Qafqaz Albaniyasında ərazi bütövlüyü və siyasi cəhətdən müstəqillik ugrunda mübarizə dövrüdür. Xüsusilə də, Mihranilər sülaləsinin ən görkəmli nümayəndəsi Cavanşir (642-680) hakimiyyəti dövründə Bizans, Xəzər xaqanlığı və Ərəb xilafəti ilə diplomatik münasibətlər qurmaga nail olur. Lakin 680-ci ildə sui-qəsd nəticəsində öldürülən Cavanşirdən sonra Albaniya tənəzzül mərhələsini yaşayır. Alban taxtına varis olaraq seçilən I Varaz Tridatın dövründə, Albaniya, həm Xilafətə, həm də Bizansa agır vergilər ödəmək məcburiyətində qalmışdı. Varaz Tridatı 699-cu ildə Bizansın ağır vergilərindən imtina etdiyi üçün ərəblərlə yaxınlaşmasına görə II Yustunian onu oglanları ilə birlikdə 5 il boyu Konstantinopolda girov saxlayır.
Varaz Tridatın ölkədə olmadığı vaxt bir sıra hadisələr baş verir ki, bu da Xilafətin birbaşa ölkənin daxili işlərinə qarışmağına səbəb olur. Alban katalikosu Yelizarın ölümündən sonra xalkidon təliminin davamçısı Girdman yepiskopu Nerses Bakur ölkənin katalikosu olur. Nerses Varaz Trdatın xanımı Spramanın köməyi ilə ölkədə xalkidonçuluğu təbliğ etməyə çalışır. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazı Bizansdan ayırmağa çalışan ərəblər bu məqsədlə xristianlığın diofizit – xalkidonçu təriqətinə etiqad edən Bizansın ziddinə Albaniyada xristianlığın monofizit təriqətinin yayılmasına çalışırdılar. Alban kilsəsini öz nüfuzuna tabe etmək üçün məkrli siyasət aparan qriqoryan kilsəsi mövcud vəziyyətdən istifadə etdi. Qriqoryan katolikosu İlya xəlifə Əbd-əl Malikə (685-705) məktub göndərib Alban katolikosunun bizansmeyilli siyasət apardığını və bu işdə Varaz Tridatın xanımının da ona kömək etdiyini xəbər verir.
Xəlifə Əbd-əl-Malikin əmri ilə ərəb cəza dəstəsi erməni katolikosu İlya ilə Albaniyaya gələrək Nerses Bakuru və Spramanı mühakimə edərək qətlə yetirdilər. Ərəb xilafəti ərəfindən alban kilsəsinin fəaliyyəi məhdudlaşdırıldı. Diofizit təriqətinin qadagan edildidi alban kilsəsi qismən erməni kilsəsinə tabe edildi.

Lakin Ərəb xilafəti Qafqaz Albaniyasının mövcud olduğu Azərbaycan torpaqlarında öz hakimiyyətini uzun müddət saxlaya bilmədi. IX əsrin sonu - X əsrin əvvəllərindən Sünik, Ktiş, Varsaq, Beyləqan, Qəbələ, Şəki mülklərinin alban knyazları yenidən müstəqilləşərək Azərbaycan ərazı̇sı̇ndə yaranan Sacilər, Salarilər, Eldəgizlər, Hülakülər, Səfəvilər kimi ayrı-ayrı müstəqı̇l dövlətlərı̇n vassalları kimi öz mülklərində alban xristian ənənələrini yaşatmaga davam etmişlər. IX əsrdən etibarən Ərəb xilafətinin zəifləməsi ilə Alban Apostol kilsəsi yenidən avtokefallığını bərpa etmiş və XIX əsrin əvvəllərinə qədər fəaliyyət göstərmişdir.
Beləliklə, Qafqaz Albaniyası dövləti VIII əsrdə Ərəb xilafəti tərəfindən işğal edilərək süquta ugrasa da, alban knyaz sülalələri məliklər olaraq IX- XIX əsrlər boyu ölkənin ayrı-ayrı hissələrində Şəki məlikliyi (IX-X), Sünik knyazlığı (IX-XI), Xaçın knyazlığı (XII-XV), daha sonra bu ərazidə yaranan Dizaq, Vərəndə, Çiləbörd, Gülüstan, Xaçın məlikliklərində (XV-XIX) XIX əsrədək mövcudluğunu sürdürmüşlər.
Müasir azərbaycanlılar alban nəsillərinin davamçıları olub zəngin alban mədəniyyətinin varisləridir. İslamın qəbulu ilə alban mədəniyyəti və etnosu transformasiyaya uğrasa da, Azərbaycan xalqı zərdüştilik, yəhudi, xristian və müsəlman mühitlərindən qaynaqlanan bu zəngin mədəniyyəti öz etnik ənənələrində qoruyub saxlamışlar. Məhz bu xüsusiyyəti alban mədəniyyətini özünıməxsus edir və onun öyrənilməsinin aktuallığını şərtləndirir.