"İctimaiyyətlə Əlaqələrin İnkişafi" İctimai Birliyi tarixi layihənin icrasına başlayıb
Fevral ayından «İctimaiyyətlə Əlaqələrin İnkişafı» İctimai Birliyi Qədim Qafqaz Albaniyası irsinin elmi veb səhifəsinin hazırlanması layihəsinin icrasına başlamışdır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə Azərbaycanın qədim dövləti Qafqaz Albaniyasının tarixi, dini-mədəni abidələri, alban xristian irsi haqqında respublika və beynəlxalq əhəmiyyətli mühüm elmi nəşrlərin, arxiv sənədləri və faktoloji materialların vahid elektron bazada toplanması və 3 dildə olmaqla Azərbaycan, ingilis, rus dillərində beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi, Qafqaz Albaniyası tarixi və mədəniyyəti ilə baglı həqiqətlərin, xüsusilə də işğaldan azad olunmuş Qarabag və Şərqi Zəngəzur ərazilərində alban abidələrinə qarşı törədilmiş vandalizm aktlarının beynəlxalq aləmdə tanıdılması məqsədini daşıyır.
"Rupor" xəbər verir ki, 3 ay davam edəcək layihə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, UNEC Multikulturalizm Tədqiqat Mərkəzi, AMEA A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu kimi elmi qurumlarla əməkdaşlıq çərçivəsində icra ediləcək.
Qafqaz Albaniyası elmi veb saytının hazırlanması İctimaiyyətlə Əlaqələrin İnkişafı İctimai Birliyinin sədri, UNEC Multikulturalizm Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Məhəbbət Paşayevanın koordinatorluğu ilə həyata keçiriləcəkdir. Azərbaycan tarixinin ən zəngin mərhələlərindən olan Qafqaz Albaniyası ilə baglı tarixi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, xüsusilə işğal illərində alban etnomədəni irsinə aid maddi-mədəniyyət abidələrinin ermənilər tərəfindən falsifikasiya faktlarının sərgilənməsi beynəlxalq əhəmiyyət daşıyır və günün aktual problemlərindəndir. Erməni və ermənipərəst alimlər hər zaman təkidlə Qafqaz Albaniyası dövlətinin və alban etnosunun mövcud olmaması ilə baglı dünya elmi ictimaiyyətinə yanlış fikirlər təlqin etməkdədirlər. Bu fikirləri təkzib edən, eyni zamanda Qafqaz Albaniyası irsi ilə baglı tarixi həqiqətlərin əks olunduğu həm yerli, həm də xarici alimlərin elmi nəticələrinin bir elektron mərkəzdə toplanması bu problemin araşdırılmasına böyük kömək göstərə bilər.
Qafqaz Albaniyası tarixi ilə baglı bütün məlumat bazasının toplandığı elektron elmi arxiv rolunu oynayacaq saytdan həm yerli, həm də beynəlxalq elmi ictimaiyyyət, tədqiqatçılar, həmçinin orta və ali məktəb tələbələri, Qafqaz Albaniyasının tarixi ilə maraqlanan hər kəsin bəhrələnmək imkanı olacaq.
Qafqaz Albaniyası veb saytının yaradılması İctimaiyyətlə Əlaqələrin İnkişafı İctimai Birliyinin Qafqaz Albaniyası irsinin tədqiqi və təbliği işinə vətəndaş cəmiyyəti institutu kimi bir töhfəsi olacaq.
https://rupor.az/xeberler/39074-ctimaiyytl-laqlrin-nkiafi-ctimai-birliyi-tarixi-layihnin-icrasna-balayb.html?lang=