Ermənilər daşlardakı izləri silməyə çalışsalar da, tarixi silə bilməzlər

Məzmuna keçin

Ermənilər daşlardakı izləri silməyə çalışsalar da, tarixi silə bilməzlər

Caucasian Albania
Nəşr olundu dən AZƏRTAC · 25 a 2021
Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırı fevralın 24-də Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri tərəfindən ziyarət edilib.
Bu, icma nümayəndələrinin “Ağoğlan” məbədinə ikinci səfəridir. Səfərdə, xarici və yerli mətbuat nümayəndələri, tarixçi-etnoqraflar da iştirak edirdilər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, budəfəki səfər əvvəlkindən fərqlənirdi. Məbəddə 29 il öncə Xocalı soyqırımında ermənilər tərəfindən qətlə yetirilən 613 azərbaycanlının xatirəsi yad olunub, onların ruhuna dualar oxunub, ayin icra edilib, şam yandırılıb. Beləliklə, 29 ildən sonra ilk dəfə Laçında Xocalı qurbanlarının xatirəsi anılıb.
İcmanın sədri Robert Mobili qədim Alban-Udi məbədi olan “Ağoğlan” monastırının tarixindən danışaraq bildirib ki, bu məbəd hələ qədim Alban dövləti dövründən mövcud olub. Otuz ilə yaxın idi ki, əsirlikdə qalmışdı. Amma artıq məbədin əsl sahibləri gəlib.
Erməni vəhşiliyindən söz açan Robert Mobili qeyd edib ki, uzun müddət əsarətdə qalan rayonlarımız da artıq azaddır. Bu rayonlarda bir çox qədim məbədlərimiz var. “Ermənilər işğal zamanı tarixi abidələrimizi, təbiətimizi məhv ediblər. Alban məbədlərinin bir çoxunu isə erməniləşdirməyə çalışıblar. “Ağoğlan” məbədinə daxil olanda erməni saxtakarlığının bir daha şahidi oluruq. Daşların üzərinə erməni xaçları çəkilib. Bu fakta vaxtilə işğal altında olan digər Alban məbədlərində də rast gəlirik. Nəhayət ki, torpaqlarımız azad edildi və qədim Alban məbədləri də öz varislərinə qaytarıldı. Bunlar bizim tarixi irsimizdir”.
Ermənilər bu məbədləri özlərinə məxsus kimi təqdim etməyə çalışsalar da, erməni kiləsisə ilə Alban kiləsəsinin heç bir yaxınlığı yoxdur. Robert Mobili deyib ki, Alban kilsələri müstəqil kilsələr olub, yerləşdiyi bu ərazilər isə tarixən də Azərbaycan torpaqlarıdır. “Ermənilər çox çalışdılar ki, Alban-Udi xristianlarının izlərini silsinlər, lakin bunu bacara bilmədilər. Tarixi həqiqət bərpa olundu. Azərbaycan çoxmillətli bir ölkədir və tolerantlıq nümunəsidir. Bugünkü səfərimiz də bunu bir daha göstərir. Ermənistan isə monoetnik dövlətdir. Azərbaycan vaxtilə imkan verdi ki, ermənilərə bu məbədlərdə də ibadət etsinlər. Lakin nə gördük, ermənilər bu məbədləri saxtalaşdırmağa, öz adlarına çıxarmağa başladılar. Bu, onların xislətlərində var. Ermənilər daşlardakı izləri silməyə çalışsalar da, tarixi silə bilməzlər”, - deyə icma sədri əlavə edib.
“Ağoğlan” məbədinə səfərə gələnlər arasında UNEC-in Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri Məhəbbət Paşayeva da var. Onun sözlərinə görə, “Ağoğlan” məbədinin tarixi çox qədimlərə gedib çıxır. Hətta xristianlıqdan öncəki dövrdə də bura hər zaman ziyarətgah olub. Ona gördə yerli əhali buranı “Ağoğlan piri” adlandırıb. İnanc yeri kimi istifadə olunan bu yerə nəzirlər gətirilib, dualar oxunub. Alban xristian məbədləri məhz qədim inanc yerlərinin əsasında ibadətgahların yerində qurulub. “Ağoğlan” məbədi də belə inanc yerlərindən biridir. Baxmayaraq ki, burada kilsə ucaldılıb, lakin İslam dininə bağlı insanlar da hər zaman bura ziyarətə gəliblər.
Orta əsrlərdən kilsə kimi fəaliyyət göstərən tikilinin bugünkü görkəmi ermənilər tərəfindən dəyişdirilib. Bu barədə danışan Məhəbbət Paşayeva bildirib ki, Alban dövləti VIII əsrdə süqut etsə də, Alban kiləsələri burada hər zaman mövcud olub: “1836-cı ildən Alban kilsələri Qriqoryan kilsəsi kimi təqdim olunmağa, ermənilər isə yerli xalq kimi qələmə verilməyə başlandı. Xaçların dəyişdirilməsi bu siyasətin davamıdır. Halbuki Alban xaçları ilə Qriqoryan xaçları arasında çox fərq var. Alban kilsəsi I əsrdən mövcud olub və xaçlarında kainat, təbiət və buta təsvirləri, ornamentləri var. Təəssüf ki, biz bu xaçları indi görmürük. Lakin bu yerin özü, tiklinin özülü, daşlardakı tarixi izlər sübut edir ki, bura qədim Alban məbədidir”.
Səfərimizin digər maraqlı məqamı isə Laçın sakini Müşfiq İsmayılovun uzun illərin həsrətindən sonra doğma yurduna ayaq basması idi. Deyir ki, 1985-ci ildə Laçın şəhərində dünyaya göz açıb. Lakin 7 yaşına qədər Zabux kəndində yaşayıb. Ailəsi ilə birlikdə 1992-ci ildə məcburi köçkün düşüb.
Müşfiq 30 ilə yaxın ata-baba yurdunun həsrəti ilə yaşayıb. Artıq o həsrət bitib. O, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyərək, Laçına məhz onların şücaəti sayəsində ayaq basa bildiyini deyir. Bəli, 29 illik həsrətdən sonra bu torpaqlara qayıtmaq insana qürur dolu sevinc hissləri yaşadır. Laçınlılar tezliklə doğma torpaqlarına qayıdacağı, yenidən xoşbəxt həyatlarını yaşayacaqları günü səbrsizliklə gözləyirlər. O gün isə uzaqda deyil...



Saytın məzmunu "İctimaiyyətlə Əlaqələrin İnkişafı İctimai Birliyi" - nin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" - nin mövqeyini əks etdirmir.
© 2022 Qədim Qafqaz Albaniyasının rəsmi veb saytı. Bütün hüquqlar qorunur. Sayt AYVUS MMC tərəfindən hazırlanmışdır.
© 2022 Qədim Qafqaz Albaniyasının rəsmi veb saytı. Bütün hüquqlar qorunur. Sayt AYVUS MMC tərəfindən hazırlanmışdır.
Saytın məzmunu "İctimaiyyətlə Əlaqələrin İnkişafı İctimai Birliyi" - nin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" - nin mövqeyini əks etdirmir.
Məqaləyə qayıt